
"Gardashlar Mebel" Vaşinqtonda ANAMA-ya dəstək təşəbbüsünə qoşuldu
05.05.2022Oxşar Bloqlar
Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Gardashlar Mebel” şirkəti Vaşinqtonda xeyriyyə tədbirinə qoşulub.
3 May 2022-ci il tarixində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Vaşinqton şəhərindəki Kennedi Mərkəzində xeyriyyə tədbiri təşkil olunmuşdur.
The Voice of Orchid (Xarıbülbülün səsi) adlı xeyriyyə konsertində klassik və müasir Azərbaycan musiqisinin məşhur nümunələri səsləndirilmişdir.
Təşkilatçılar bildiriblər ki, xeyriyyə tədbiri Marşal İrsi İnstitutunun (MLI) Azərbaycandakı humanitar səylərinə dəstək məqsədilə gerçəkləşdirilir. Tədbirdən toplanan vəsait Qarabağın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə və insanların həyatını xilas etmək üçün Azərbaycana göndərəcəyi əlavə minaaxtaran itlərin maliyyələşdirilməsinə sərf olunacaq.
“The Voice of Orchid” xeyriyyə tədbirinə qoşulan şirkətlərdən biri də Azərbaycanın ən böyük mebel istehsalçılarından olan “Gardashlar Mebel”dir. Şirkət Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənmə təşəbbüsünə qoşularaq tədbirdə sponsor kimi öz dəstəyini irəli sürmüşdür.





